“Simurq quşu” tamaşasının afişası – FOTO

Azərbaycan Respublikası Prezidentinin qərarı ilə milli bədii fikir xəzinəsinin zənginləşməsi işinə layiqli töhfələr vermiş Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə ölkədə müxtəlif tədbirlər planı nəzərdə tutulub.

Bu qərarı rəhbər tutaraq Qazax Dövlət Dram Teatrı da görkəmli Azərbaycan yazıçısının doğum gününə həsr olunmuş “Simurq quşu” tamaşasını 18 dekabr saat 12:00-da nümayiş etdirəcək.

Teatrımızın əməkdaşı Hikmət Orhun tərəfindən Yusif Səmədoğlunun eyniadlı hekayəsi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Əməkdar artist Musa Eyyubovdur.

Quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor assistenti isə Gülüstan Mustafayevadır.

Rolları Əməkdar artist Hacı Hacıyev, Elvin Abbasov, Ceyhun Vəlizadə, İlqar Hacəliyev, Kamil Məmmədov ifa edirlər.

Qeyd edək ki, Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60–70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri var. Parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur “Qətl günü” romanı ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırıb. Yusif Səmədoğlu rəhbəri olduğu mühüm ədəbi-bədii məcmuələrdən milli düşüncə və ideyanın daha geniş yayılması üçün tribuna kimi istifadə etmiş, ölkədə azadlıq hərəkatının və müstəqillik uğrunda mübarizənin ön sıralarında dayanmış, xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə vətəndaş-ziyalı mövqeyi ilə seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir