Teatrın Tarixi

Qazaxda ilk dəfə 1938-ci ildə kolxoz-sovxoz teatrı yaradılıb, sonradan, yəni 1943-cü ildən dram teatrına çevrilib və ona Səməd Vurğunun adı verilib. 1949-cu ilə qədər Dövlət Dram teatrı kimi fəaliyyət göstərib. O dövrdə repertuarında əsasən Azərbaycan və dünya klassiklərinin, həmçinin müasir ədəbiyyat nümunələri yer alırdı.

Teatrda Gürcüstan Respublikasının Xalq artisti İbrahim İsfahanlı, Azərbaycan Respublikasının Xalq artisti Muxtar Avşarov, Solmaz Orlinskaya, Barat Şəkinskaya, əməkdar artistlər Əliheydər Həsənzadə, Rüsxarə Ağayeva, rejissor Məcid Zeynalov və başqaları fəaliyyət göstərib.

1960-cı ildən “Xalq teatrı” kimi mövcud olan bu mədəniyyət ocağı 1988-ci ildən “Dövlət Dram teatrı”  statusu ilə yenidən fəaliyyətə başlayıb. 1989-cu il iyun ayının 1-də Xalq şairi Bəxtiyar Vahabzadənin “Dar ağacı” tarixi faciəsi ilə ilk tamaşasını göstərib. Bu illər ərzində 120-dən artıq əsərə quruluş verilib, teatr respublikada keçirilən festivallarda dəfələrlə iştirak edib.

Müxtəlif illərdə teatrda Respublikanın Xalq artistləri Zülfiqar Abbasov, Tariyel Qasımov, Rafiq Əliyev, Vaqif Şərifov, Vidadi Əliyev, əməkdar artist Münəvvər Əliyeva fəaliyyət göstərib.

Teatr rus, alman, bolqar, türk, tacik dramaturgiyasına müraciət edib. Klassik və müasir Azərbaycan dramaturgiyası isə teatrın repertuarının əsasını təşkil edir. Teatr müxtəlif illərdə Gürcüstan Respublikasının azərbaycanlılar yaşayan rayonlarında qastrol səfərlərində olub. 90-cı illərin əvvəlində Qarabağ bölgəsində – Ağdərə və Tərtər rayonlarında əsgərlər qarşısında çıxış edib.

Teatr Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının keçirdiyi müxtəlif teatr festivallarının iştirakçısı olub. Teatrın direktor əvəzi Allahverdi Əhməd oğlu Musayev, baş rejissoru Musa Eyyub oğlu Eyyubovdur.