Martın 17-i saat 15:00-da Qazax Dövlət Dram Teatrında “Teleqram” tamaşasının ictimai baxışı keçirilib.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin sözlərinə görə, tamaşa bir ailənin qarşı-qarşıya gəldiyi sosial təzadlarla ziddiyyətindən bəhs edir:
“Əsas ötürmək istədiyimiz mesaj odur ki, ailədə bütün konfliktləri ancaq mədəniyyət həll edə bilər, yəni mədəni dialoq. Fikrimizi dahi Hüseyn Cavidin sözləri ilə ifadə etsək, Turana qılıncdan daha kəskin, ulu qüvvət; Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət…”
Əsərin müəllifi yazıçı-dramaturq Ağalar İdrisoğludur. Rejissor assistenti Zülfiyyə Hacıyeva, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramovdur.
Rolları Vüsal Hüseynov, Sayalı İsmayılova, Minayə İbrahimova, Ceyhun Vəlizadə, Xaqan Qurbanov, Məlahət Vəliyeva, Elşad Əliyev ifa ediblər.