Bu gün Azərbaycanın bölgə teatrları içərisində Qazax Dövlət Dram Teatrının öz yeri və öz dəsti-xətti var. Teatr Azərbaycanın Qazax və Gəncəbasar bölgəsində olan rayonlarda və bütövlükdə məmləkətimizin bütün bölgələrində özlərinin maraqlı tamaşaları ilə həmişə tamaşaçıların sevimlisi olublar. Bu da məhz teatrın peşəkar rejissorlarının aktyorlarının və aktrisalarının sayəsində olur. 25 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və AzərbaycanTeatr Xadimləri İttifaqının “QONAQ TEATR” layihəsi çərçivəsində Qazax Dövlət Dram Teatrının 85 illiyi və Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə yazıçı, dramaturq, rejissor, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun müəllifi olduğu “İnan mənə” tamaşasını Bakı tamaşaçılarına təqdim etdilər. Teatr Xadimləri İttifaqının böyük zalında göstərilən tamaşadan öncə İttifaq Sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti, “Şöhrət” ordenli, Dövlət mükafatı laureatı Hacı İsmayılov tamaşaçıları salamladı. O, İttifaqın “QONAQ TEATR” layihəsi haqqında danışdı, layihənin əhəmiyyətini qeyd etdi və səhnəni Qazax Dövlət Dram Teatrının aktyorlarının ixtiyarına verdi.
İstedadlı aktyorlar- Yusif Qoca (Elçin), Zəmanə Dərviş (Aysel), Minayə İbrahimova (Yasəmən), Elşad Əliyev (Vüqar), Aydın Orucov (Professor Əmirov), Əhməd Musayev (Emin), kütləvi səhnələrdə – Məmməd Hacıəliyevin, Xəqan Qurbanovun, Nizami Aşbazovun, Turac Məmmədovanın iştirakı ilə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluşunda, yüksək peşəkarlıqla yazılmış, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun müəllifi olduğu “İnan mənə” tamaşası göstərildi. Ulu öndər, əbədiyaşar prezidentimiz Hüydər Əliyevin 100 illiyinə həsr olunan bu maraqlı, peşəkar səviyyəli tamaşa, teatr mütəxəssisləri, media nümayəndələri və sənətsevərlər tərəfindən yüksək alqışlarla qarşılandı. Sonda Qazax Dövlət Dram Teatrı Milli Teatr sənətinin inkişafındakı xidmətlərinə görə və 85 illiyi münasiəbəti ilə, Xəzər Gəncəli “İnan mənə” tamaşasına verdiyi uğurlu quruluşa görə, Ağalar İdrisoğlu ölkə teatrları ilə uğurlu əməkdaşlığa görə, teatrın aktyoru Aydın Orucov 60 illik yubileyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri Fərmanı ilə təltif olundular.
Fəxri Fərmanları minnətdarlıqla qəbul edən Qazax Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Musa Eyyubov, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, Əməkdar artist Xəzər Gəncəli və aktyor Aydın Orucov onlara göstərilən diqqətə görə İttifaqa və tamaşaçılara dərin təşəkkürlərini bildirdilər.
Bəli, teatr hər bir millətin parlaq güzgüsüdür. Biz də bir millət olaraq bu parlaq güzgünün daha yaxşı olmasına və teatrlarımızın öz tamaşalarını dünya səhnələrində uğurla göstərməsinə var qüvvəmizlə çalışmalıyıq. Axı millətləri dünyada ilk öncə özlərinin ədəbiyyatına, mədəniyyətinə və idmanına görə daha yaxşı tanıyırlar. Biz də bu sahələrin yüksək inkişaf etməsinə bir millət kimi çox çalışmalıyıq ki, dünyada öz imzamızı lazım olan səviyyədə təsdiqləyək. Dünyanın ən aparıcı ölklərindən biri olaq.
Aida QAFAROVA,
Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi,
“Azad Azərbaycan” qəzetinin əməkdaşı