Qazax Dövlət Dram Teatrı 89-cu mövsümə “Sonrakı peşmanlıq” tamaşası ilə start verib.
12 sentyabr saat 12:00-da nümayiş etdirilən tamaşanın müəllifi, quruluşçu rejissoru və musiqi tərtibatçısı Vüsal Hüseynovdur. Səhnə əsərində rejissor assistenti kimi Ceyhun Vəlizadə, quruluşçu rəssam kimi isə Samir Həsənov çalışıb.
“Sonrakı peşmanlıq” tamaşasında rolları Ceyhun Vəlizadə, Zəmanə Dərviş, Minayə İbrahimova, Nəsimi Aşbazov, Kamil Məmmədov, Əhməd Musayev və Həbibə Musayeva canlandırıblar.
Bu il 26 iyun “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ərəfəsində premyerası olan tamaşada insan münasibətləri, verilən yanlış qərarların doğurduğu ağır nəticələr və zamanında qiymətləndirilməyən dəyərlərin sonradan yaratdığı peşmanlıq hissi ön plana çıxarılır.
Səhnə əsəri tamaşaçını həyat seçimləri, məsuliyyət və mənəvi dəyərlər üzərində düşünməyə sövq edir.
